latest topics

QƏDR GECƏSİ

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
"Qədr" gecəsi ilin ən fəzilətli gecəsidir ki, rəvayətlərdən məlum olduğuna əsasən, vücud (varlıq) aləminin işləri o gecədə yazılır, təyin olunur və İmam Zaman (əleyhis-salam) tərəfindən imzalanır. İmam Sadiq (əleyhis-salam)-ın belə buyurduğu nəql olunur:
رَأْسُ السَّنَةِ لَيْلَةُ الْقَدْرِ، يُکْتَبُ فِيهَا مَا يَکُونُ مِنَ السَّنَةِ إِلَي السَّنَةِ
"İlin əvvəli (başı) – "Qədr" gecəsidir, bu gecədə bu ildən növbəti ilə qədər baş verəcək hadisələr yazılır." Həmçinin, İmam Baqir (əleyhis-salam)-dan da belə rəvayət olunmuşdur:
مَنْ أَحْيٰي لَيْلَةَ الْقَدْرِ، غُفِرَتْ لَهُ ذُنُوبُهُ وَ لَوْ کٰانَتْ عَدَدَ نُجُومِ السَّمٰاءِ وَ مَثٰاقِيل الْجِبٰالِ وَمَکٰايِيل الْبِحٰارِ
"Hər kim "Qədr" gecəsini ehya keçirsə (sübhə qədər oyaq qalıb ibadət etsə, dua oxusa, Quran tilavət etsə və s.) onun bütün günahları bağışlanar, hətta əgər onun günahları səmanın ulduzlarının sayı, dağların çəkisi və dəryaların suyu qədər olsa belə."
Əlbəttə, diqqət yetirmək lazımdır ki, bu qədər savab yalnız o şəxslərə aiddir ki, əməlin qəbul olunma şərtlərinə malik olsunlar, öz əcr və savablarını Allahın qarşısında günah, itaətsizlik, üsyankarlıq etməklə məhv edib aradan aparmamış olsunlar.
İmam Musa ibni Cəfər (əleyhiməs-salam) buyurmuşdur:
مَنِ اغْتَسَلَ لَيْلَةَ الْقَدْرِ وَ أَحْيٰاهٰا إِلـٰي طُلُوعِ الْفَجْرِ ، خَرَجَ مِنْ ذُنُوبِهِ
"Hər kim "Qədr" gecəsi qusul etsə və sübh açılana qədər (ibadətlə) ehya saxlasa, bütün günahlarından xaric olar (təmizlənər)."
O kəs ki, Allahın bütün mələkləri "Qədr" gecəsində ona nazil olur, o, imkan aləmi qütbünün müqəddəs vücudu, yaradılışın mehvəri Həzrət Bəqiyyətullahil-Əzəm İmam Zaman (ərvahuna fidah)-dır. Yaxşı olar ki, o həzrəti qəlbən sevənlərin hamısı hər bir vaxt, xüsusilə mübarək Ramazan ayının 19, 21 və 23-cü gecələri o həzrətin zühuru üçün Allah dərgahında tam xüzu, xüşu və acizliklə dua edib yalvarsınlar, bu şərif duanı xüsusilə 23-cü gecədə təkrar oxumaqdan qafil olmasınlar: "Əllahummə kulli vəliyyikəl-Huccətibnil-Həsən, sələvatukə ələyhi və əla abaih, fi hazihis-saəti və fi kulli saəh, vəliyyən və hafiza, və qaidən və nasira, və dəlilən və əyna, hətta tuskinəhu ərzəkə təva, və tuməttiəhu fiha təvila"
Eləcə də bu gecələrdə təvəssül əllərini o həzrətin rəhmət, mehribanlıq və nəvazişli ətəyinə uzatmaqdan qafil olmasınlar ki, inşaAllah, "Qədr" gecəsinin xeyir-bərəkətlərindən bəhrələnə bilsinlər.

İMAM ƏLİ(Ə) QURANDA

“Həzrət Əlinin(ə) həyatı və şəxsiyyətinə həsr olunmuş beynəlxalq elmi konfrans”ın materialı
Əli(ə) nurdur, Əli (ə) məhəbbətdir, Əli (ə) varlıq aləminin mənasıdır,Əli(ə) insanları yoxluq aləmindən xilas edəndir,Əli (ə) bənzərsiz yol göstərəndir,Allahın böyük vəlisi,Peyğəmbərin (s) vəsisi,cahanın həqiqəti, Allahın sevimlisidir! Elə isə ola bilərmi ki,Allah öz sevdiyi insan haqqında heç nə deməsin?Ola bilərmi ki,varlığın mənası və cahanın həqiqəti sayılan bir şəxs barədə sussun? Yox, ola bilməz.Biz burada İmam Əli(ə) barədə nazil olmuş bəzi ayələr haqqında danışacağıq,lakin bununla iş bitmir;bu,ancaq dəryadan bir damladır.Xətib Bağdadi(Əbu Bəkr ibn Əli)sənədlərə istinad edən ravi İsmayıl ibn Cəfərdən,o da İbn Abbasdan nəql edir ki,Quranda Əli ibn Əbutalib(ə) barəsində üç yüzdən çox ayə nazil olmuşdur. (Tarixe-Bağdad, c.6, s.22) Həmçinin, ibn Həcər və Şəblənci Əli (ə) barədə üç yüz ayə məsələsini İbn Əsakerdən və İbn Abbasdan nəql etmişlər.Təbəri və Əbu Nəim kimi bəzi qədimi alimlər də “Manəzl minəl- Quran fi Əli (ə)” adlı əsərlər yazmışlar.
Həqiqətən də,Əli(ə) barəsində nazil olmuş ayələr inkar edilməzdir.Mən burada həmin ayələrin bəzilərinə toxunacağam.
1) İmam Əlinin (ə) adı Adəmə(ə) nicat verəndir.
Bəqərə surəsinin 37-ci ayəsində buyurur: “Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrəndi”.
İbn ən-Nəcar ibn Abbasdan nəql edir: “Bu kəlmələr Məhəmməd (s), Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseynin (ə) adlarından ibarətdir”.
Allahın şahidliyi ilə,Əli(ə),həyat yoldaşı və onların hər bir övladları çirkinliklərdən pak və təmizdirlər.
Əhzab surəsinin 33-cü ayəsində buyurur: “Siz ey (Peyğəmbərin) ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tər-təmiz (pak) etmək istər” Burada Əhli- beyt dedikdə Əli (ə), Fatimə (s.ə), Həsən (ə), Hüseyn (ə) nəzərdə tutulmuşdur. (Siyuti, Durərud- dürrül- mənsur, c.5, s. 199 və Fəxr Razi, Təfafe- Kubra, c.6, s.783)
2)İmam Əlinin(ə) nəfsi Peyğəmbərin(s) nəfsi məqamındadır.
Ali-İmran surəsinin 61-ci ayəsində buyurur: “(İsanın(ə) Allahın qulu və Peyğəmbəri (s) olması barədə) sənə göndərilən bilikdən sonra buna(İsanın əhvalatına) dair səninlə mübahisə edənlər olsa,onlara de: “Gəlin,biz də oğlanlarımızı,siz də oğlanlarınızı;biz də qadınlarımızı, siz də qadınlarınızı;biz də özümüzü, siz də özünüzü(bura) çağıraq. Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək”.
Bu əhvalatda Peyğəmbəri-Əkrəm(s) öz nəfsini Əmirəlmöminin Əlinin(ə) nəfsinə bərabər tutmuşdur. 13 mənbə bu məsələni qeyd edir ki,mən onları sadalamıram.(Bax:Məhəmməd Təqi Cəfərinin “Nəhcül-Bəlağə”yə yazdığı şərh,c.1.,s.197)
3).İmam Əli (ə) vəliyullahdır.
Maidə surəsinin 55-ci ayəsi buyurur: “Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri (s) və iman gətirənlərdir. O kəslər ki, (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər”.
Bu ayə Həzrət Əli(ə) barədə nazil olmuşdur,çünki namaz qılan vaxt zəkat vermiş şəxs Həzrət Əlidir(ə).Bu barədə müfəssəl bir əhvalat var ki,o barədə burada danışmaq imkanımız yoxdur.
Bu dörd ayənin şərhində Məhəmməd Təqi Cəfərinin “Nəhcül-Bəlağə”yə yazdığı şərhindən istifadə etmişik.
4)İmam Əlinin(ə) imaməti Allah tərəfindən verilmişdir.
Maidə surəsinin 67-ci ayəsi buyurur: “Ya Peyğəmbər (s)! Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et! Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan”.
Bu ayə Əli (ə) barədə nazil olmuşdu ki, Peyğəmbəri- Əkrəm (s) Əlinin(ə) əlindən tutdu və buyurdu: “Mən kimin mövlasıyam, Əli (ə) də onun mövlasıdır”. Bu,dediyimizə sübutdur. Bu ayə İmam Əlinin (ə) imamlığının Allah tərəfindən verildiyini təsdiq edir.
5)Allah Quranda Əlini(ə) sevməyi əmr edir.
Şura surəsinin 23-cü ayəsində buyurur: (Ya Peyğəmbər!) De: “Mən bunun (risaləti təbliğ etməyimin) müqabilində yaxınlarımı (Əhli-Beytimi) sevməkdən başqa heç bir şey istəmirəm”.
Zəməxşəri “Təfsiri- Kəffaş”ında,Gənci Şafei “Kifatətüt- Talib”ində və s. yazırlar ki, bu ayə nazil olan kimi Peyğəmbərdən (s) soruşdular: “Sizin, sevməyimiz vacib sayılan yaxınlarınız kimlərdir? ”Peyğəmbər(s) buyurdu: “Əli, Fatimə və oğulları.”
6)İmam Əli (ə) Quran elminin sahibidir.
Rəd surəsinin 43-cü ayəsində buyurur: “De: (Mənim öz risalətim üçün iki ilahi şahid vardır:biri)Allahdır ki,mənim və sizin aranızda şahidlik etməyə kifayətdir və ikincisi, Quran elminin sahibi olan şəxsdir.”
Əbu Səid Xodri deyir: “Rəsulallahdan (s) xəbər aldım: “Quran elminin sahibi olan şəxs kimdir?” Buyurdu: “O şəxs qardaşım Əli ibn Əbutalibdir.”
7)İmam Əli (ə) Peyğəmbərin özünün dəlilidir.
Hud surəsinin 17-ci ayəsi buyurur: “Məgər Rəbbinin açıq- aydın bir dəlilə istinad edən, ardınca Allahdan bir şahid gələn...”
Bütün tarixçilər yazırlar ki, bu ayədə “dəlil” və “şahid” ifadələrində Həzrət Əli (ə) nəzərdə tutulmuşdur.
8)İlahi mükafat İmam Əli(ə) üçündür.
Bəqərə surəsinin 274-cü ayəsi buyurur: “Mallarını gecə və gündüz,gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur.”
Xarəzmi, Səalibi, Maliki, Əbu Nəim və b. İbn Abbasdan nəql etmişlər ki, Əlinin (ə) hər gün yanında 4 dirhəmi olardı; onlardan birini gecə (Allah yolunda), birini gündüz, birini gizli və birini də aşkar surətdə sədəqə verərdi. Ona görə bu ayə Əli (ə) barədə nazil oldu.
9)İmam Əli(ə) Allah rizası üçün canını fəda edər.
Bəqərə surəsinin 207-ci ayəsində buyurur:
“İnsanların elələri də vardır ki,Allahın razılığını qazanmaq yolunda(Allah rizası üçün) canını fəda edər.”
Səalibi öz təfsirində İbn Abbasdan rəvayət edir ki,Peyğəmbərin(s) hicrət gecəsi Əli(ə) onun yatağında yatdı ki,Peyğəmbəri(s) təhlükədən xilas etsin. Bu ayə də o Həzrətin (ə) şəninə nazil oldu. (Yənəbiül- müvəddət, s.92, Kifayətüt- talib, s.239)
10)İmam Əli(ə) yaradılmışların ən yaxşısıdır.
Bəyyinə surəsinin 7-ci ayəsi buyurur:
“İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşısıdır.” Müqatil ibn Səlman Məhakdan,o da İbn Abbasdan nəql etmişdir ki,bu ayə Əlinin(ə) və onun Əhli-Beytinin şəninə nazil olmuşdur.
11)Qiyamət günü Əlinin(ə) vilayəti barəsində soruşacaqlar.
Saffat surəsinin 24-cü ayəsi buyurur: “Onları yubadıb saxlayın, çünki sorğu- sual olunacaqlar.” Əbu Səid Xodri Peyğəmbərdən (s) nəql edir ki, sorğu- sual olunacaq şey Əlinin (ə) vilayətidir. (Şəvahidüt- tənzil, c.1, səh.107, Səvayeqül- məhqərə, s.89)
12)İmam Əli(ə) “Allahın ipi”dir.
Ali-İmran surəsinin 103-cü ayəsi buyurur: “Hamınız bir yerdə Allahın ipinə möhkəm sarılın və ayrılmayın!” “Mənaqibül-faxirət” kitabının müəllifi Abdullah, ibn Abbasdan rəvayət edir ki,bir ərəb Peyğəmbərdən (s): “Allahın ipi kimdir?” deyə soruşdu. Peyğəmbər (s) üzünü Əliyə (ə) tutub buyurdu: “Bu şəxsdən yapışın ki, o, möhkəm ipdir.”(Kifayətül- xisan, s. 343)
13)İmam Əli(ə) hər tayfanın yol göstərənidir.
Rəd surəsinin 17-ci ayəsi buyurur: (“Sən ancaq insanları Allahın əzabı ilə)qorxudansan.Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri vardır”. Sünni əhli tərəfindən 7 hədis nəql olunmuşdur ki, bu ayədə “munzir” sözü ilə Peyğəmbər (s) və “hadi” sözü ilə Əli (ə) nəzərdə tutulmuşdur. Maliki də “Füsulül-mühimmə”də yazır ki, bu ayə nazil olan kimi, Peyğəmbər(s) buyurdu: “Mən qorxudanam və Əli (ə) doğru yol göstərəndir: Ya Əli (ə), sənin vasitənlə doğru yol tapanlar hidayət olunurlar.”(s. 122)
14) İmam Əli(ə) möminlərin salehi və Peyğəmbərin (s) yavəridir.
Təhrim surəsinin 4- cü ayəsi buyurur: “Onun mövlası Allah, yardım göstərənləri isə Cəbrail (ə), əməlisaleh möminlər və bundan sonra da bütün mələklərdir.”
Müfəssirlər və sünni əhlinin böyük alimləri yazmışlar ki, Peyğəmbər (s) buyurmuşdur: “Bu ayədə ”əməlisaleh möminlər” ifadəsi Əlini (ə) nəzərdə tutur. Bu ayənin izahında Fəzlullah Kompaninin “Əli(ə) kimdir?” kitabından istifadə olunmuşdur.Bunlardan başqa digər ayələr də vardır ki,onlar haqqında danışmaq imkanımız yoxdur.Biz burada onların yalnız bir neçəsinə ötəri işarə edəcəyik:
1.Bəqərə surəsi,ayə 43;
“Rüku edənlərlə birlikdə rüku edin.”
Bu ayə Peyğəmbər(s) və Əli(ə) haqqıda nazil olmuşdur.Onlar namaz qılan və rüku edən ilk müsəlmanlar idilər.(Müvəffəq ibn Əhməd və Əbu Nəim ibn Abbasdan nəqlən)
2.İnsan surəsi,ayə 1;
“İnsanın elə dövrü olub keçmişdir ki...”
Bu ayə Əli(ə),Fatimə(ə),Həsən(ə),Hüseyn(ə) haqqında nazil olmuşdur.
3.Vaqiə surəsi,ayə 10;
“Və bir də öndə olanlar,onlar Allaha yaxındırlar.”
Burada Əli(ə) və onu sevənlər nəzərdə tutulmuşdur.
4.Furqan surəsi,ayə 54;
“İnsanları sudan(nütfədən) yaradan,onları (bir-biri ilə)
əsl qohum(qan qohumu) və sonradan qohum edən Odur.”
Bu ayədə Əli(ə) və Fatimə(ə) nəzərdə tutulmuşdur.
5.Zumər surəsi,ayə 33;
“Haqqı gərilənlər və onu təsdiq edənlər isə əsl müttəqilərdir.”
Bu ayədəki “onu təsdiq edənlər” ifadəsi Əliyə(ə) aiddir.
Bu ayələrin izahında mərhum Hacı Şeyx Abbas Quminin “Fəzaili-Əli” kitabından istifadə etmişik.

Böyük şəxsiyyətlər və onların dost- düşmənləri ƏLİ (Ə)IN ŞƏHADƏTİ MÜBNASİBƏTİ İLƏ

Dünyanın böyük şəxsiyyətləri barəsində müxtəlif, çox vaxt da ziddiyyətli baxışlar yaranır; bəzi vaxtlar elə dostlar olur ki, bu dahi insanların yolunda candan- başdan keçir, pərvanə kimi öz varlığını onlara fəda edib, dostluq xatirinə ən ağır böhtanlara və ən çətin işgəncələrə dözürlər. Bunun əksinə olaraq, elə inadkar və kinli düşmənlər də tapılır ki, heç vaxt öz düşmənçiliyindən əl çəkmək və səmimiyyət yolunu seçmək istəmirlər. Bu kimi şəxslərə qarşı dostluq və düşmənçilik bəzən elə şiddətli və güclü olur ki, heç bir sərhəd tanımır, mövcud zaman və məkan hüdudlarını aşaraq sonrakı məkan və zamanlara da gəlib çatır. Belə bir nüfuzun gücü və təsir dərəcəsi insan şəxsiyyətinin əzəmət və ülviliyi ilə tam mütənasibdir. Dünyanın böyük şəxsiyyətləri arasında heç kəs Əli (ə) qədər ziddiyyətli mühakimələrə məruz qalmamış, cəzbetmə və dəfetmə səhnəsində iki əks qütbün diqqət mərkəzində olmamışdır. Dahi şəxsiyyətlər arasında bu cəhətdən yalnız həzrət İsa əleyhissəlamı Əli (ə) kimi hesab etmək olar. Çünki, həzrət İsa (ə) da dostluq və düşmənçilik səhnəsində bir- biri ilə tamamilə zidd olan iki dəstənin diqqətini özünə cəlb etmişdir. Məhz bu səbəbə görə də, bu iki ilahi rəhbər arasında bir növ oxşarlıq müşahidə olunur. Dünya məsihilərinin əksəriyyətinin təsəvvürüncə Həzrət İsa (ə) elə həmin cisim şəklinə düşən "Allah"dır və öz bəndələrini ata (Həzrət Adəm (ə)) tərəfindən irs qoyulmuş günahlardan qurtarmaq üçün yer üzünə gəlmiş və nəhayət, çarmıxa çəkilmişdir. Məsihilərin nəzərində İsa ilahiləşmiş insandan başqa bir şəxsiyyət deyil. Bunun əksinə olaraq yəhudilər bu fikrə tamamilə zidd olan bir mövqedə dayanır: onlar həzrət İsanı iftira və yalançılıqda ittiham edib, qələmin yazmaqda həya etdiyi ən çirkin töhmətləri onun pak və iffətli anasının (Məryəmin) adına vururlar.
Belə təzadlar Əli (ə) barəsində də həmişə mövcud olmuşdur. Bir dəstə dar düşüncəli, dərindən dərk edə bilməyən, həmçinin ona dərin məhəbbət bəsləyənlər möminlərin sərvərini Allahlıq dərəcəsinə qədər yüksəltmiş, həyatı boyu ondan müşahidə olunan kəramətlərini onun "Allah" olmasına bir dəlil gətirmişlər. Çox təəssüflə qeyd etməliyik ki, bu dəstə müqəddəs "Ələvi" (Əliyə mənsub olan) adını özlərinə götürmüşlər. Hələ indinin özündə də çoxları bu məslək ardınca gedirlər. Əfsuslar olsun ki, indiyə kimi şiələrin təbliğat aparatı bu dolğun emosiyadan istifadə edərək Əli (ə)- ın həqiqi simasını onlara tanıtdırmamış və onları Əli (ə)-ın şəxsən özünün fədaisi olduğu tövhid və təkallahlıq yoluna hidayət edə bilməmişdir. Bu qrupun müqabilində isə İmam (ə)-ın zahiri xilafətinin ilk günlərindən etibarən başqa bir dəstə ürəklərində o həzrətə qarşı ədavət, kin- küdurət bəsləyərək, bir müddətdən sonra "xəvaric" və "nəvasib" adlı qruplaşmalar şəklində zahir oldular. Peyğəmbər (s) Əli (ə)-ın hakimiyyəti zamanı inhirafçı və azğın cinahların zahir olacağından tamamilə agah idi. Həzrət öz sözlərindən birində Əli (ə)-a belə buyurmuşdu: "İki dəstə sənin barəndə həlak olacaq: Sənin fəzilətlərin barəsində həddi aşanlar və səninlə düşmənçilik edənlər."
Həzrət Əli (ə) ilə həzrət İsa (ə) arasında daha bir oxşarlıq vardır ki, o da dünyaya gəldikləri yerlə əlaqədardır. İsa (ə) "Beytül- ləhm" adlı müqəddəs bir yerdə (bu yer Beytül- müqəddəs deyil) dünyaya gəldiyindən sair Bəni- İsrail peyğəmbərlərindən bir növ əlavə bir fəzilətə malik idi. Azadlıq sevərlərin mövlası Əli (ə) da müqəddəs Məkkə diyarında, Allah evində– Kəbədə möcüzəli bir şəkildə dünyaya gəlmiş və elə Allah evində də (Kufə məscidində) şəhadət şərbətini içmişdir, "hüsnü- mətlə" müqabilində "hüsnü- xitama" malik olmuşdur. (Yəni mövludu gözəl olduğu kimi, xətmi (şəhadəti) də gözəl olmuşdur.) Bu da ki, tarixdə misli görünməmiş hadisədir.
Əli (ə)-ın üçsahəli şəxsiyyəti
Psixoloqların fikrincə, hər bir fərdin şəxsiyyətinin formalaşmasında üç mühüm amil əsas rol oynayır ki, bunların da hər biri şəxsiyyətin vücuda gəlib möhkəmlənməsində müstəsna əhəmiyyətə malikdir. Bu, insanın ruhiyyəsi, xüsusiyyətləri və təfəkkür tərzi kimi üç tilin birləşməsindən əmələ gələn üçbucağa oxşayır. Deyilən üç amil aşağıdakılardır:
1-İrsiyyət,
2-Təlim-tərbiyə,
3-Yaşadığı mühit (şərait).
İnsanın yaxşı və ya pis sifətləri, eləcə də ali və ya alçaq, rəzil xasiyyələri bu üç amilin vasitəsi ilə formalaşıb inkişaf edir. İrsiyyət barəsində bunu demək kifayətdir ki, bizim təkcə qiyafə və bədən qurluşu kimi zahiri sifətlərimiz övladlarımıza irs keçmir, həm də valideynlərin batini sifətləri və əxlaqi ruhiyyələri də irsi olaraq onlara nəql olunur.
İnsan şəxsiyyətinin formalaşmasında digər iki amil- təlim- tərbiyə və mühit, Yaradanın insan zatında əmanət qoyduğu ali- insani səciyyələrin çiçəklənməsində, eləcə də uşağın valideyndən irsi olaraq apardığı xüsusiyyətlərin inkişaf etməsində mühüm rol oynayır. Müəllim bir uşağın, yaxud bir sinfin müqəddəratını tam mənada dəyişə bilər. Çox hallarda mühit tərbiyəsi aşağı səviyyədə olan fərdləri saflaşdıra, yaxud pak fərdləri əxlaqsızlığa uğrada bilər. İnsan şəxsiyyətinin formalaşmasında bu iki amilin təsiri o qədər aydındır ki, bu barədə əlavə izaha ehtiyac duyulmur. Əlbəttə, bunu da yaddan çıxarmayaq ki, (insanın əxlaqının düzgün formalaşmasında) bu üç amildən sonra insanın öz iradəsi və istəyi az əhəmiyyət daşımır.
Əli (ə)-a irsən yetişən şəxsiyyət Əli (ə)-ın Əbu Talib kimi bir atanın sülbündən dünyaya gəlməsidir. Əbu Talib "Bətha" (Məkkə) vilayətinin böyüyü və Haşimi qəbiləsinin rəisi idi. Onun bütün varlığı başdan- başa mehribanlıq, bəxşiş, səxavət, emosiya, mehr-məhəbbət, tövhid ayininin yolunda olan fədakarlıq və fədailikdən ibarət idi. Peyğəmbər (s)-in babası Əbdül-Müttəlib vəfat edəndə o həzrətin səkkiz yaşı var idi. O gündən etibarən düz qırx iki il sonraya qədər Əbu Talib həmişə Peyğəmbərin yanında olmuş, onun keşiyində dayanmağı öz öhdəsinə kötürmüş və onun tövhid ayinini yaymaqdan ibarət olan müqəddəs hədəfləri yolunda fədakarlıq etmişdi. Bu həqiqət Əbu Talibin divan şeirlərinin çoxunda əks etdirilmişdir: O cümlədən:
"Pak və xoşxilqət insanlar gərək bilsinlər ki, Məhəmməd (s),
Musa (ə) və Isa (ə) kimi bir peyğəmbərdir."
Başqa bir şeirdə demişdir:
"Məgər bilmirsiniz ki, Məhəmməd (s) Musa (ə) kimidir
Və onun peyğəmbərliyi səmavi kitabların sərlövhəsində yazılmışdır?!"
Bütünlüklə Bəni-Haşim tayfasının qızmar və susuz bir dərədə iqtisadi mühasirəyə alınmasına gətirib çıxaran belə bir fədakarlıq məqsədə çatmaq istəyindən, mənəviyyətə olan dərin məhəbbətdən başqa bir şey ola bilməzdi. Çünki qohumluq əlaqələri və sair maddi amillər insanda belə bir isar (candan keçmək) ruhiyyəsini yarada bilməz. Əbu Talibin öz qardaşoğlusunun ayininə (islama) iman gətirməsi barədə olan dəlillər o qədər çoxdur ki, bütün tədqiqatçıların nəzər-diqqətini özünə cəlb etmişdir. Təəssüflər olsun ki, bəziləri yersiz cəhalətdən doğan təəssübkeşlik üzündən Əbu Talib barəsində tərəddüddə qalmış, başqa bir qrup isə cürətlənərək onu qeyri-müsəlman bir şəxs kimi tanıtdırmışdır. Halbuki əgər tarix və hədis kitablarında Əbu Talibin islamı qəbul etməsi barəsində olan dəlillərin bir qismi başqa bir şəxs haqqında olsaydı, həmin şəxsin iman gətirib islamı qəbul etməsi barəsində əsla şəkk-şübhəyə yer qalmazdı. Amma bilmirik ki, nə üçün bu qədər aşkar dəlillər "bəzi"lərinin qəlblərini işıqlandıra bilməmişdir!
Əlinin (ə) anasının şəxsiyyəti
Onun anası Haşimin oğlu Əsədin qızı Fatimə (Fatimə binti Əsəd) və peyğəmbərə iman gətirən ilk qadınlardan biridir. O, besətdən qabaq İbrahim (ə)-ın ayininə itaət edirdi. O, həmin ismətli qadındır ki, doğum ağrısı şiddətlənəndə Kəbənin divarına yaxınlaşır və belə deyir: "İlahi, Sənə, Sənin tərəfindən göndərilən peyğəmbərə, nazil olan kitablara və həmçinin bu evi tikənin–cəddim İbrahimin sözlərinə tam imanım vardır. Pərvərdigara, bu evi tikənin ehtiramına və mənim bətnimdə olan uşağın xatirinə bu uşağın təvəllüdünü (doğuşunu) mənim üçün asan et!"
Bir neçə an keçmədi ki, Fatimə möcüzəli şəkildə Allah evinə daxil oldu və orada uşağı dünyaya gətirdi. Bu böyük və fəzilətli hadisəni tarix, hədis və ənsab elminin alimləri öz kitablarında nəql etmişlər. Sünnü alimlərinin arasında da bir çoxları bu həqiqəti aydın şəkildə göstərmiş, onu Əli (ə) üçün misilsiz bir fəzilət hesab etmişlər. Hakim Nişapuri deyir: "Əli (ə)-ın təvəllüdünün Kəbənin daxilində olması mütəvatir şəkildə bizə gəlib çatmışdır." Tanınmış müfəssir Alusi Bağdadi yazır: "Əli (ə)-ın təvəllüdünün Kəbədə olması dünya millətləri arasında yayılıb məşhurlaşmış və indiyə kimi heç kim belə bir fəzilətə nail olmamışdır."
Peyğəmbərin (s.a.v.s) qucağında
İmamın (ə) həyatını beş mərhələyə böldükdə Peyğəmbərin besətindən əvvəlki dövr onun ömrünün birinci mərhələsini təşkil edir. Bu hissədə İmamın (ə) həyatı on ildən artıq olmamışdır. Çünki Əli (ə) dünyaya gələndə Peyğəmbərin (s.a.v.s) təvvəlüdündən otuz ildən artıq vaxt keçməmişdi və o, qırx yaşında ikən peyğəmbərliyə məbus oldu. Bu dövrdə İmam (ə)-ın həyatında ən unudulmaz hadisə onun şəxsiyyətinin formalaşması və şəxsiyyət üçbucağının ikinci tərəfinin Peyğəmbər (s.a.v.s)-in vasitəsi ilə vücuda gəlməsidir. Hər insan üçün ömrün bu hissəsi həyatın ən xatirəli və qiymətli anlarından sayılır. İnsanın bu yaş dövrü, üzərində çəkiləcək hər cür rəsmi qəbul etməyə hazır olan ağ bir vərəq kimidir. Həyatın bu mərhələsi tərbiyəçilər və müəllimlər üçün ən yaxşı bir fürsət yaradır ki, Yaradanın uşağın təbiətində əmanət qoyduğu əxlaqi fəzilətləri və saf mənəviyyatı inkişaf etdirib çiçəkləndirsinlər, onu insaniyyət, əxlaqi dəyərlər və səadətli həyatın yolları ilə tanış etsinlər. İslamın əziz Peyğəmbəri (s.a.v.s) Əli (ə)-ın təvəllüdündən sonra bu ali məqsəd üçün onun tərbiyəsini şəxsən öz öhdəsinə aldı. Əli (ə)-ın anası onu Peyğəmbərin hüzuruna gətirdikdə o həzrətin uşağa qarşı sonsuz məhəbbət bəslədiyini gördü. Peyğəmbər (s.a.v.s) ondan xahiş etdi ki, Əli (ə)-ın beşiyini onun yatağının yanına qoysun. Buna görə də, elə ilk günlərdən başlayaraq, İmamın həyatı Peyğəmbərin xas nəvazişi və lütfü ilə birgə idi. Peyğəmbər yalnız beşiyi (uşaq yatanda) yırğalamırdı, həm də günün bəzi vaxtlarında onun bədənini yuyur və süd içirir, ayılanda isə onunla mehribanlıqla xeyli söhbət edirdi. Hərdən də onu bağrına basıb deyərdi: "Bu uşaq mənim qardaşımdır. O, gələcəkdə mənim vəsim, köməkçim, canişinim və qızımın həyat yoldaşı olacaqdır." Əli (ə)-a olan məhəbbətinə görə heç vaxt ondan ayrılmaz və hər vaxt ibadət etmək üçün Məkkədən çıxıb getsəydi, Əli (ə)-ı kiçik qardaş, yaxud sevimli bir övlad kimi özü ilə aparardı. Onu bu cür gözdən yayındırmamaqda Peyğəmbərin məqsədi bu idi ki, Əli (ə)-ın şəxsiyyət üçbucağının ikinci tərəfi olan təlim-tərbiyəsi onun vasitəsi ilə formalaşsın və Peyğəmbərdən başqa heç kəs bu işə təsir göstərməsin. Əmirəl-möminin (ə) öz sözlərində Peyğəmbərin (s) təqdirəlayiq xidmətlərini xatırlayıb deyir: "Siz, ey Peyğəmbər dostları! Mənim Allahın Peyğəmbəri ilə olan yaxın qohumluğumdan və o həzrətin yanında olan xüsusi məqamımdan (ehtiramımdan) tamamilə xəbərdarsınız və bilirsiniz ki, mən onun mehr-məhəbbət və nəvaziş dolu qucağında böyümüşəm. Körpə uşaq olanda o məni qucağına alar, öz yatağının yanında məni himayə edərdi. Mən onun gözəl ətrini iyləyərdim, o da mənə yemək yedizdirərdi." Allah-Təala dinin böyük rəhbərinin Peyğəmbərin evində böyüyüb onun nəzarəti altında tərbiyə olunmasını istədiyinə görə, Peyğəmbərin nəzər-diqqətini bu işə yönəldir.
İslam tarixçiləri yazırlar: "Məkkədə misli görünməmiş quraqlıq oldu. Peyğəmbərin əmisi Əbu Talibin uşaqları çox olduğuna görə, ağır iqtisadi şəraitlə üzləşdi. Peyğəmbər Əbu Talibə nisbətən sərvətli olan əmisi Abbasla söhbət etdi, belə razılaşdılar ki, hər biri Əbu Talibin övladlarından birini öz evinə aparsın və bu çətin günlərdə Əbu Talibin işini bir qədər asanlaşdırsınlar. Buna görə də Abbas Cəfəri, Peyğəmbəri-Əkrəm (s) isə Əlini öz evinə apardı."
Bu dəfə Əli (ə) kamil surətdə Peyğəmbərin ixtiyarına keçərək, onun ali-insani fəzilətlərindən və gövhərlə dolu olan əxlaq xəzinəsindən çoxlu bəhrələr götürdü və Peyğəmbərin (s) rəhbərliyi altında ən yüksək kamal dərəcələrinə çatmağa müvəffəq oldu. İmam (ə) öz sözlərində Peyğəmbərin bu günlərə xas nəzarətinə işarə edib buyurur: "Mən anasının dalınca gedən bala dəvə kimi Peyğəmbərin ardınca gedirdim. O hər gün özünün əxlaqi fəzilətlərindən birini mənə öyrədir və əmr edirdi ki, ona itaət edim."
Əli (ə) Hira mağarasında
İslam Peyğəmbəri risalətə məbus olmamışdan qabaq hər ilin bir ayını Hira mağarasında ibadətlə məşğul olur, ayın axırında dağdan enib birbaşa Məscidül-Hərama gedərək, Allah evinin ətrafına yeddi dəfə dolanar, sonra öz mənzilinə qayıdardı.
Burada belə bir sual qarşıya çıxır ki, görəsən Peyğəmbər (s) dərin məhəbbət bəslədiyi Əli (ə)-ı özü ilə o gözəl ibadət və sitayiş yerinə aparırdımı, yoxsa bu müddət ərzində onu tərk edirdi?!
Mövcud əlamətlər göstərir ki, Peyğəmbər (s) Əli (ə)-ı öz evinə apardığı vaxtdan etibarən bir gün də olsun belə, onu tək buraxmamışdı. Tarixçilər yazırlar: "Əli həmişə Peyğəmbərlə birgə idi, belə ki, hər vaxt Peyğəmbər şəhərdən çıxıb dağa ibadət etməyə gedirdisə, onu da özü ilə aparırdı." İbni Əbil-Hədid yazır: "Düzgün hədislər göstərir ki, Cəbrail ilk dəfə Peyğəmbərə nazil olub ona risalət məqamını müjdə verəndə Əli onun yanında idi." Həmin gün Peyğəmbərin ibadət üçün Hira dağına getdiyi ayın günlərindən biri idi. Əli (ə) özü bu barədə buyurur: "Peyğəmbər hər il Hira mağarasında ibadətlə məşğul olurdu və məndən başqası onu görmürdü." Bu cümlənin Peyğəmbərin Hira dağında risalətdən sonrakı dövrünü göstərməsi də mümkündür, amma qeyd olunan əlamətlər, eləcə də Peyğəmbərin Hira mağarasında əsas etibarı ilə peyğəmbərliyə seçilməzdən qabaqkı dövrlərdə olması sübut edir ki, bu məsələ ondan qabaqkı dövrə aiddir.
Əli (ə) özünün ruhi və nəfsani pakizəliyi və həmçinin Peyğəmbərin onu müntəzəm surətdə tərbiyə etməsi nəticəsində elə uşaqlıq dövründən özünün həssas qəlbi, iti gözü və qulağı ilə adi adamların görə bilmədiyi şeyləri görür, eşidə bilmədiyi səsləri eşidirdi. Bu barədə İmam (ə)-ın özü buyurur: "Mən elə uşaqlıq çağlarında Hira dağında Peyğəmbərin yanında olanda, ona tərəf gələn vəhy və risalət nurunu görür, ondan nübüvvətin pak ətrini iyləyirdim."
İmam Sadiq (ə) buyurur: "Əmirəl-möminin besətdən qabaq islam Peyğəmbərinin risalət nurunu görür və vəhy mələyinin səsini eşidirdi." Peyğəmbər (s) vəhyin gəldiyi heyrətli və unudulmaz anlarda Əli (ə)-a buyurdu: "Əgər mən peyğəmbərlərin xatəmi (axırıncısı) olmasaydım, sən məndən sonra nübüvvət (peyğəmbərlik) məqamına layiq olacaqdın, amma sən mənim vəsim və varisim, müttəqilərin rəhbəri və övsiyaların sərvərisən."
Əli (ə) uşaqlıq çağlarında qeybi səsləri eşitməsi haqda belə buyurur: "Peyğəmbərə vəhy nazil olan zaman bir nalə səsi eşitdim. Ərz elədim ki, "bu nalə nədir?" Buyurdu ki, "bu, şeytanın naləsidir. Səbəbi də budur ki, mənim besətimdən sonra yer üzündə pərəstiş olunmaqdan naümid oldu." Sonra Peyğəmbər üzünü mənə tutub dedi: "Mən eşitdiyimi sən də eşidirsən, mən gördüyümü sən də görürsən, bir fərq ilə ki, sən peyğəmbər yox, mənim vəzirim və köməkçimsən."

Böyük şəxsiyyətlər və onların dost- düşmənləriƏLİ (Ə)IN ŞƏHADƏTİ MÜBNASİBƏTİ İLƏ

İMAM HƏSƏN (Ə)IN TƏVƏLLÜDÜ

Məşhur nəzərə görə Ramazan ayının 15-i Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in böyük nəvəsi və cənnət cavanlarının sərvəri, ağası həzrət İmam Həsən Müctəba (əleyhis-salam)-ın səadətli təvəllüd günüdür.
O həzrət dünyaya gələndən sonra Əmirəl-möminin Əli (əleyhis-salam) onu Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in yanına gətirdi, o həzrət mübarək dilini əziz nəvəsinin ağzına qoydu, o da Həzrət Peyğəmbərin dilini sormağa başladı. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) soruşdu: "Bu körpəyə ad qoymuşsunuzmu?!"
Əmirəl-möminin Əli (əleyhis-salam) ərz etdi: "Buna ad qoymaqda mən sizdən qabağa keçə bilmərəm!"
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) də buyurdu ki mən də (bu işdə) öz Pərvərdigarımdan qabağa keçə bilmərəm."
Bundan sonra Allah-taala Cəbrəili nazil etdi və buyurdu: "Muhəmməd üçün bir oğlan uşağı dünyaya gəlmişdir, Mənim salamımı ona çatdır, ona gözaydınlığı ver, təbrik elə və de ki, Əlinin səninlə olan münasibəti (eynilə) Harunun Musa ilə olan münasibəti kimidir, belə isə ona (körpəyə) Harunun oğlunun adını qoy." Harunun oğlunun ərəb dilində adı "Həsən" idi.
Həm şiə, həm də sünnü alimlərinin etiraf etdiyi kimi, İmam Həsən o beş nəfərdən (Pənc təni Ali Əbadan) biridir ki, şərif "Təthir" ayəsi onların şənində nazil olmuşdur. O beş nəfər bunlardır: Həzrət Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm), Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimus-salam)."
Allah-taala hər növ çirkinliyi, aludəliyi onun ruhundan paklamış, qəlbinə elə bir paklıq bəxş etmişdir ki, Onun Kitabının sirlərinin xəzinədarı ola bilsin.
Həmçinin, şiə və sünnü alimləri rəvayət etmişlər ki, Allah-taala İmam Həsən və onun qardaşı İmam Hüseyn (əleyhiməs-salam)-ın vasitəsi ilə Behişti zinətləndirmişdir.
İmam Həsən (əleyhis-salam) dəstəmaz alarkən bütün bədəni lərzəyə gəlir, rəngi qaçırdı. Səbəbini soruşduqda buyururdu: "Ərşin Pərvərdigarının hüzurunda dayanan hər kəsə layiqdir ki, (Allahın əzəmətinin qorxusundan) rəngi saralsın, bədən əzaları lərzəyə gəlsin."
İmam Sadiq (əleyhis-salam) öz atasından, o da İmam Zeynul-abidin (əleyhis-salam)-dan nəql edir ki, Həsən ibni Əli (əleyhis-salam) öz zəmanəsinin insanları içərisində ən çox ibadət edən, ən çox zöhd və fəzilət sahibi idi. Həccə piyada, bəzən də ayaqyalın gedirdi, hər vaxt ölümü xatırlayırdısa, ağlayırdı. Qəbiri xatırlayan zaman hönkürtü ilə ağlayırdı, Qiyamətdə insanların dirildilməsini yad edən zaman ağlayırdı, Allahın hüzurunda olacağını yada salanda qəşş edirdi. Namaz qılmaq istəyəndə bədəninin bəndləri lərzəyə düşürdü. Behişti və cəhənnəmi yad edən zaman ilan vurmuş adamlar ki narahat olur, iztirab hissi keçirir, Allahdan Behişt arzulayır, Cəhənnəmdən Allaha sığınırdı. Quranda gələn "ey iman gətirənlər" deyə buyurulan hər bir ayəni oxuyurdusa, belə deyirdi: "Ləbbeyk, Allahummə ləbbeyk!" (Yəni, bəli, ey mənim Rəbbim, eşidirəm və itaət edirəm!). Bütün hallarda və şəraitlərdə Mütəal Allahı xatırlayıb zikr deyirdi. O, camaat arasında ən doğru danışan idi, sözləri ən şirin, ürəyəyatımlı idi.
İmam Həsən (əleyhis-salam)-ın helmi (tələsməməsi, səbirli olması) dost-düşmən üçün gün kimi aydın bir məsələ idi. O cümlədən belə nəql olunur:
Müaviyə, Mərvanı Mədinəyə amil (işçi) təyin etdi. O, hər cümə günü minbərə çıxaraq Əmirəl-möminin Əli (əleyhis-salam)-a nalayiq sözlər deyirdi. Amma İmam Həsən (əleyhis-salam) dünyadan gedən zaman Mərvan o həzrətin cənazəsinin qoyulduğu tabutu çiyninə alıb ağlayırdı. İmam Hüseyn (əleyhis-salam) "qardaşımın sağlığında ona necə narahatçılıqlar, müsibətləri rəva gördün!" - deyə onun yaramaz əməllərini xatırlatdı, o isə belə cavab verdi: "Belə rəftarları elə bir adama rəva görürdüm ki, onun helmi (dözümü) dağdan da ağır idi."
Bir kəs ki, hətta düşməni belə, onun səbir, helm sahibi olmasına etiraf edir və onu tərifləyir, ədavət buludları onun kamal günəşinin qarşısını ala bilmir, hətta düşmən də ona ağlayır, gərək ruzigarın gözü ona qan ağlasın!
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunur ki, "Hər kəs mənim "Həsən"imə ağlasa, gözlərin kor olduğu bir gündə (Qiyamətdə) onun gözləri kor olmaz. Hər kəs onu (xatırlayıb) qəmgin olsa, onun qəlbi, qəlblərin qəm-qüssəli olduğu bir gündə (Qiyamətdə) qəmli olmaz. Hər kəs onu "Bəqi"də ziyarət etsə, ayaqların sürüşdüyü bir gündə onun ayağı Sirat körpüsünün üzərində sürüşməz."
Yaxşı olar ki, "Bəqi" qəbiristanlığında dəfn olunan imamların (əleyhimus-salam) pak qəbirlərinin ziyarətinə gedən bir kimsə xüzu-xüşu ilə, ayaqyalın halda o pak və müqəddəs məzarın yanına getsin, İmam Həsən Müctəba (əleyhis-salam)-ın qəbrini digər üç imamın qəbrinin yanında ziyarət etsin (Allahın salam və salavatı onlara olsun!)
İmam Həsən Müctəba (əleyhis-salam)-ın nurani kəlamlarından beş hədis:
مٰا تَشٰاوَرَ قَوْمٌ إِلاّٰ هُدُوا إِلٰي رُشْدِهِمْ .
"(Öz aralarında) məşvərət edən elə bir dəstə yoxdur ki, öz təkamüllərinə çatmamış olsunlar."
اَلْخَيْرُ الَّذِي لٰا شَرَّ فِيهِ: اَلشُّکْرُ مَعَ النِّعْمَةِ وَ الصَّبْرُ عَلَي النَّازِلَةِ .
"Heç bir şəri olmayan xeyir: nemət olanda şükür eləmək, bəla, müsibət nazil olanda səbir etmək."
وَسُئِلَ عَنِ الْمُرُوَّةِ؟ فَقٰالَ: شُحُّ الرَّجُلِ عَلٰي دِينِهِ ، وَ اِصْلاٰحُهُ مٰالَهُ، وَقِيٰامُهُ بِالْحُقُوقِ
İmam Həsən (əleyhis-salam)-dan "mürüvvət nədir?" - deyə soruşdular, cavabında buyurdu: "İnsanın öz dininə həris olması (onun yolunda canından keçməsi), mal-dövlətini islah etməsi, hüquqları bərqərar etməsi."
اَلْفُرْصَةُ سَرِيعَةُ الْفَوْتِ ، بَطِيئَةُ الْعَوْدِ .
"Fürsət çox sürətlə əldən çıxır, çox zəif şəkildə ələ gəlir."
عَلَيْکُمْ بِالْفِکْرِ فَإِنَّهُ حَيٰاةُ قَلْبِ الْبَصِيرِ وَ مَفٰاتِيحُ أَبْوٰابِ الْحِکْمَةِ .
"(Mütləq) təfəkkür edin! Çünki təfəkkür etmək bəsirətli şəxsin qəlbinin həyatı (canlanması) və hikmət qapılarının açarlarıdır."
 
HƏZRƏTİ XƏDİCEYİ KUBRANIN VƏFATI

بسم الله الرحمن الرحيم
Bismillahir-Rəhmanir-Rəhim
Nəql olunanlara əsasən, mübarək Ramazan ayının 10-u böyük İslam xanımı, Həzrət Rəsuli- Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)- in vəfalı həyat yoldaşı və Möminlər anası Həzrət Xədiceyi-Kübra (əleyha salam)- ın vəfat günüdür.
Onun yüksək mənəvi məqamı barəsində bunu demək kifayətdir ki, bütün behişt xanımları arasında özünün yüksək məqamlı qızı Siddiqeyi Kübra Fatimeyi Zəhra (əleyha salam)-dan sonra o, Həzrət Məryəm, Asiyə ən üstün şəxsiyyət və ən yüksək məqamdadırlar.
Həzrət Xədicə (əleyha salam) qadınlar içərisində İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-ə iman gətirən ilk şəxs idi və özünün bütün mal-dövlət və sərvətini İslamın inkişaf edib yayılması yolunda sərf etdi. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)- in ona qarşı məhəbbəti elə yüksək bir səviyyədə idi ki, onunla Həzrət Əbu Talibin vəfat etdiyi ili "Hüzn və qəm-qüssə ili" adlandırmışdı.
Nəql olunmuşdur ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) vaxtaşırı bir heyvanı qurban kəsər və onun ətini həzrət Xədicəni istəyən, ona məhəbbət bəsləyənlərin arasında bölüşdürərdi.
O böyük şəxsiyyətli, alicənab xanım şərafətli ömrünün son anlarında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləmi)-dən xahiş etmişdi ki, öz əbasını ona kəfən etsin.
Həzrət Xədicə vəfat edən zaman Fatimeyi Zəhra (əleyha salam) Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in başına dolanır və deyirdi: "Ya Rəsuləllah! Mənim anam haradadır?"
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) cavab verib buyururdu: "Cəbrail nazil olub dedi ki, Allah- taala sənə belə əmr edir: Fatiməyə salam çatdır və ona de ki, sənin anan elə bir evdədir ki onun tavanı qızıldan, sütunları qırmızı yaqutdandır, özü də Asiyə ilə Məryəmin yanındadır."
Bu alicənab xanımın Məkkə şəhərində, "Əbu Talib" qəbiristanlığında yerləşən pak qəbri Allah və Onun Rəsulunun aşiqlərinin ziyarətgahıdır.

HƏZRƏT ƏLİ (Ə) VƏ MÜBARƏK RAMAZAN

Ramazan bahar, Quran onun bağı, Həzrət Əli (ə) isə o bağa layiq bağbandır
Həzrət Məhəmməd (s) buyurmu.dur: İnsan iki şeyin dəyərini bilməz: sansağlığı və zaman.
Bax elə bu iki şey insanın bütün varlığını təşkil edir. Sağlamlığı qorumaq və zamandan dəyərli istifadə etmək hər birimizə tapşırılmış vəzifə borcumuzdur. Buna gürə də bunların harada və necə istifadəsi bizlərdən soruşulacaq. Boş yerə qiyamətin adlarından biri “peşmanlıq günü” deyil. İnsan əlindəki vaxtdan və sağlamlıqdan istifadə etmədiyi üçün peşman olacaq.
Belə fürsətlərdən biri Ramazan ayı timsalında sürətlə bizdən uzaqlaşır. Xoş o adamın halına ki, bir-birini arxada qoyan bərəkətli gündüzlərdən və sanki yarışırlar kimi zülməti yararaq bir-birini izləyən gecələrdən yetərincə istifadə etdi. Bu ayın bərkətinə bürünüb, rəhmət səmasında seyr edərək məğfirət ləzzətini dadan insanlar həqiqətdə dünya və axirət səadətini qazanıblar. Təbii ki, Ramazan Quranın baharıdır deyimi əsl həqiqəti canlandırmaqdan başqa bir şey deyil. Bu bahardan bir çiçək qoparmaq istəyən ən azı özünü zəhmətə salmalıdır. Yəni Quran oxuyub, bütün əzaları ilə oruc olaraq zikr etməlidir.
Əli (ə) zikr əhlidir
Ramazan bahar, Quran onun bağı, Həzrət Əli (ə) isə o bağa layiqli bağbandır. Bu mənada bağbanın icazəsi olmasa, bağdan gül dərməzlər. Bağbandan icazə isə ZİKR etməkdir. Həzrət Məhəmməd (s) buyurur: “İlahinin əhli-zikrdə məqsədi mən, Əli və onun pak övladlarıdır”.
Həzət İmam Rza (ə) Məmunun (Allahın lənəti və niftəri ona olsun) da iştirak etdiyi bir məclisdə yəhudi, nəsrani və başqa alimlərlə bəhs etdiyi zaman buyurdu: «Əhli-zikr bizik: Əli və övladi-Əli».
Ümumiyyətlə, əli-zikr o şəxs olmalıdır ki, sadiq, düz danışan, imanlı və elmli olsun. Eyni zamanda insanları hidayət etmək ona vəzifə kimi tapşırılsın. Belə bir şəxs Peyğəmbər (s), Əli (ə) və övladi-Əlidən başqa kim ola bilər?
Fəzil deyir: «Əba Əbdillahdan soruşdum - «likulli qovmin had» ayəsində kim qəsd olunub. Cavab verdi ki, Əli və övladi-Əli»
Əli (ə) tükənməz elm sahibidir
Həzrət Əlinin (ə) əhli-zikr, yəni elm və iman əhli olması hər dövrdə sübut olunub. Hələ onun yaşadığı zamanda mürəkkəb və bir-birindən maraqlı elmi mübahisələrə görə yanına gələn dövrün alimləri Həzrətin ziyasından kifayət qədər yararlanmışlar. Bir sözlə onun elm nuru təkcə öz dövrünə yox, bütün zaman və məkanlara şuasını sızaraq işıqlandırıb. Məhşur rəvayətlərin birində deyilir ki, bir gün Şam camaatı ilə Bəsrə əhalisi arasında mübahisə yaranır. Şam əhli Allah yanında var-dövlətin yaxşı olduğunu, Bəsrə camaatı isə elmin dəyərini iddia edirlər. Mübahisənin get-gedə böyüdüyünü görən alimlər Həzrət Əlinin (ə) elm qapısını döyməyə məcbur qalırlar. Həzrət elmin daha çox üstün olduğunu vurğulayaraq buyurur:
- Elm peyğəmbərlərdən, mal isə Firon, Qeysər və bu kimilərdən mirasdır.
- Elm xərcləməklə artar, mal isə azalar.
- Elm öz sahibini saxlar, malı isə saxlamaq lazımdır.
- Alim öləndə elm ondan ayrılmaz, malı isə sahibi ölən kimi vərəsələrə çatar.
İnsanlar üç hissədir: əmr edənlər, varlılar və alimlər. Hər ikisi alimə möhtac olar, amma alim onlara möhtac deyil.
1. Elm xalislərə verilər, mal isə belə deyil
2. Elm öz sahibini qiyamətdə qurtarar, mal isə sahibini haqq-hesab verməyə şaxlar
3. Ey Şam əhli heç kim elm öyrənməklə Allahlıq iddiası etməyib, lakin mal toplamaqla (Firon kimi) bu iddiada bulunub
Ümid edirik ki, ulu və qüdrətli yaradan bu müqəddəs və mənəviyyatlı ayın sonunda bizi peşmanlardan etməyəcək. Dünya və axirət səadəti bizə də nəsib olacaq. Həzrət Əlinin (ə) şəfaətilə qəlblərimizi şad edəcək!

RAMAZAN: ALLAHIN QONAQLIĞI

Bismillahir-Rəhmanir-Rəhim
Mübarək Ramazan ayı Allaha bəndəçilik və ibadət ayı, Quranın baharıdır. Elə bir aydır ki, Əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi və səlləm)-in buyurduğuna əsasən, biz bu ayda Allah qonaqlığına dəvət olunmuşuq.
Hər bir ağıllı insan bu ayın misilsiz fürsətlərini qənimət saymalı, çətin və uzun axirət səfəri üçün özünə yol ehtiyatı götürməlidir. Məsumların bu ayda tövsiyə etdikləri əməllərin çoxu böyük savaba malik olmaqla yanaşı, heç bir çətinliyi yoxdur və çox vaxt aparmır.
Məsələn, bu ayda Qurani- kərimdən tilavət olunan hər ayənin savabı bütövlükdə bir Quran oxumaq qədər savaba malikdir və ya obaşdanlıq və iftar zamanı "Qədr" surəsini tilavət etməyin çoxlu fəziləti vardır.
Kasıblara, yoxsullara, eləcə də iftar süfrəsində bir şeyi olmayanlara kömək etmək diqqət mərkəzində olmalıdır. Günahlardan tövbə edib Allah dərgahına qayıtmaq, xüsusilə sübh namazından qabaq Onunla raz-niyaz etmək, rəvayətlərdə çox təkid olunan məsələdir və bu kimi işlərdə fürsəti qənimət saymaq lazımdır.
Bu əziz ayda ən yüksək və fəzilətli əməl, Həzrət Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)- in buyurduğuna əsasən, Allahın haram buyurduqları işlərdən çəkinmək, özünü saxlamaqdır. Bu ayda heç bir günaha yaxın düşməmək üçün ciddiyyətlə səy etmək bu ayın ən yaxşı əməlindən ibarətdir.
Olmaya insan özünün orucunu, Quran tilavətini, dua və müstəhəb namazlarını bir yalan danışmaqla, töhmət vurmaqla, qeybət etməklə, naməhrəmə baxmaqla, haram səslərə qulaq asmaqla, sələmli müamilə etməklə və vacib əməlləri tərk etməklə zay etsin!
Bu ayda insan özünün və sair möminlərin hacətlərinin rəva olmasından, eləcə də bütün hacətlərin başında İmam Zaman (əccələllahu təala fərəcəhuş-şərif)-in zühurunun tezləşməsi üçün dua etməkdən qafil olmamalıdır.

Sual